
BAKI, 20 may. TELEQRAF
Avropa İttifaqı (Aİ) İsrailin Brüssellə assosiasiya sazişinin şərtlərinə riayət etməsi ilə bağlı araşdırma aparacaq.
Teleqraf xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp Aİ Xarici İşlər Şurasının iclasının nəticələrinə dair danışarkən bildirib.
"Bu, çox vacib və güclü siqnaldır", - nazirin deyib.
Veldkampın sözlərinə görə, müvafiq məsələ onun təşəbbüsü ilə Aİ-də müzakirəyə çıxarılıb. Saziş İsrailə Aİ ölkələrində ticarət imtiyazları, həmçinin bir sıra Avropa maliyyələşdirmə proqramlarına çıxış imkanı verir. Lakin niderlandlı nazir hesab edir ki, İsrailin Qəzza sektorundakı fəaliyyəti, o cümlədən humanitar yardımın bloklanması, sazişin insan hüquqlarına və demokratik prinsiplərə riayət edilməsi zərurətini təsbit edən 2-ci maddəsinə ziddir. O bildirib ki, araşdırma başa çatanadək Niderland Aİ ilə İsrail arasında müvafiq əməkdaşlıq planının müddətinin uzadılmasını dəstəkləməyəcək.