BAKI, 7 may. TELEQRAF

Ukrayna Ali Radasının Beynəlxalq Siyasət Komitəsi ABŞ ilə faydalı qazıntıların hasilatı sahəsində əməkdaşlığa dair sazişin ratifikasiyası haqqında qanun layihəsini yenidən səsə qoyaraq qəbul edib. Bu, sənədin mayın 8-də parlamentin plenar iclasında müzakirəyə çıxarılmasına imkan verəcək.

Teleqraf xəbər verir ki, bu barədə deputat Yaroslav Jelejnyak bildirib.

Deputat Jelejnyak qeyd edib ki, komitə iclasında iştirak edən bəzi üzvlər qəbul edilən sənədin tam məzmununu dəqiq başa düşməyiblər.

Layihəni təqdim edən xarici işlər naziri Andrey Sibiqa da vəziyyətin qarışıq olduğunu etiraf edərək deyib: "Artıq hansı mətn və bəyanatlardan danışdığımızı özüm də dəqiq bilmirəm".

Ukrayna Xarici İşlər Nazirliyi isə bildirir ki, qanunun preambulasına edilən dəyişikliklər hüquqi qüvvəyə malik deyil və ABŞ ilə bağlanan əsas sazişin məzmununa təsir göstərmir.