BAKI, 21 aprel. TELEQRAF
"İsrail rəhbərliyi İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar həyata keçirmək üçün ABŞ Prezidenti Donald Trampın birbaşa razılığını və dəstəyini almadan hərəkət etməyə risk etməyəcək".
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” qəzeti İsrail və ərəb diplomatlarına istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrail bu məsələdə çox ehtiyatlı davranır. Çünki Trampın dəstəyini itirməkdən qorxur və ABŞ olmadan İrana ediləcək hücumun ciddi nəticə verməyəcəyini anlayır.
Diplomatların sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu Trampı İrana qarşı daha sərt addımlar atmağa inandırmağa çalışıb, amma buna nail ola bilməyib. Tramp isə hazırda İranla bağlı problemi diplomatik yollarla həll etməyə üstünlük verir.
Bununla belə, Tramp prezident olandan sonra Netanyahu özünü daha güclü hiss edib və İsrail ordusu Livan, Suriya və Qəzzaya qarşı hücumlarını artırıb.