
BAKI, 21 mart. TELEQRAF
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) daxili terrorizmlə mübarizə bölməsinin işçilərinin sayını azaltmaq qərarına gəlib.
Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 16-a yaxın əməkdaş bu bölmədən digər strukturlara köçürülüb.
"Tam heyətlə fəaliyyət göstərdiyi təqdirdə yüzlərlə əməkdaşı olan bu bölmə FTB-nin 55 yerli idarəsində aparılan istintaqlara nəzarət edir və ölkə daxilindəki təhdidlər haqqında məlumat toplayır", - agentlikdən bildirilib.
İxtisarlar büronun radikal ağdərililərin və silahlı müxalifət qruplarının təhdidlərini izləmək imkanlarını azaldacaq.
Yeni qərarın hökumət əleyhinə qiyamların qarşısının alınmasına da mane ola biləcəyi vurğulanır.
FTB-də baş verən bu dəyişikliklərin əsas səbəbi kimi fevral ayında qurumun direktoru təyin edilən Keş Patel göstərilir.
O, ABŞ prezidenti Donald Trampa yaxın şəxs hesab olunur və 2020-ci il seçkilərinin sabiq Ağ Ev rəhbəri Bayden tərəfindən oğurlandığını iddia edir.
Patel, FTB və Ədliyyə Nazirliyində kadr təmizlənməsinə çağırışlar edərək bəzi şəxslərin fəaliyyətinin araşdırılmasını istəyib.