
BAKI, 21 mart. TELEQRAF
Avropa İttifaqının (Aİ) Rusiyaya məxsus 210 milyard dollar dəyərində dondurulmuş aktivləri müsadirə etməsi "müharibə aktı" kimi qiymətləndiriləcək və ciddi nəticələrə səbəb olacaq.
Teleqraf xəbər verir ki, bu fikirləri Belçikanın Baş naziri Bart De Vever səsləndirib.
"Biz xəyali dünyada yox, real dünyada yaşayırıq. Əgər kimdənsə 200 milyard avro götürsəniz, bunun nəticələri olacaq", - belçikalı nazir bildirib.
Xatırladaq ki, Aİ, Kanada, ABŞ və Yaponiya Rusiyaya məxsus təxminən 300 milyard dollar dəyərində aktivləri dondurub.
Bu vəsaitlərin 5-6 milyard dolları ABŞ-də, böyük hissəsi isə Avropadadır. Belçikada yerləşən beynəlxalq “Euroclear” platformasında 210 milyard dollar saxlanılır.
Rəsmi Moskva Qərbdəki aktivlərin mümkün müsadirəsinə Rusiya tərəfindən dərhal cavab tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq edib.