
BAKI, 21 mart. TELEQRAF
Misir hökuməti fələstinlilərin Qəzzadan Sina yarımadasının şimal hissəsinə köçürülməsini planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə mediada yayılan məlumatlara cavab olaraq Misirin dövlət informasiya xidməti açıqlama verib.
"Bir sıra media qurumlarında yayılan məlumatlara görə, Misir Qəzzanın bərpası üçün 500 min sakini Sina yarımadasının şimal hissəsinə yerləşdirməyə hazırdır. Biz bunu kəskin şəkildə təkzib edirik. Misir 2023-cü ilin oktyabr ayında müharibə başladığı gündən etibarən bəyan edib ki, fələstinlilərin öz torpaqlarından, xüsusən də Misir ərazisinə köçürülməsini, nə məcburi, nə də könüllü olaraq dəstəkləmir", - açıqlamada bildirilib.
Qeyd olunub ki, hökumət Qəzza sakinlərinin köçürülməsini yolverilməz sayır, çünki belə bir addım "Fələstin məsələsini həll etmək cəhdi" kimi qiymətləndirilir və bu Misir hakimiyyəti üçün milli təhlükəsizlik məsələsidir.