SUMQAYIT, 21 mart. TELEQRAF

"İlk dəfədir belə bir komandaya qarşı oynayacağıq".

Teleqraf xəbər verir ki, bunu Haiti milli komandasının baş məşqçisi Sebastyan Minye Azərbaycan yığması ilə yoldaşlıq oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis meydana qələbə üçün çıxacaqlarını bildirib: “Azərbaycanla oyunda gözləntimiz yalnız qələbədir, bunu oyunçularımıza da aşılamışıq. İlk dəfədir belə bir komandaya qarşı oynayacağıq. Mövsümün bu hissəsində özümüzü dəyərləndirmək üçün yaxşı sınaqdır".

Fransalı baş məşqçi Azərbaycan yığmasını analiz etdiklərini vurğulayıb: “Avropa komandası olduğu üçün bunu etmək rahat idi. Amma daha çox öz komandamız barədə düşünürəm”.

Minye əsas heyətlə bağlı qərar vermədiyini açıqlayıb: “Bunu son məşqdən sonra edəcəyəm”.

Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Haiti matçı saat 21:45-də başlanacaq.