
BAKI, 21 mart. TELEQRAF
Yəməndəki “Ənsarallah” Hərəkatının (husilər) silahlılarına İraqdakı düşərgələrdə təlim verilmir.
Teleqraf xəbər verir ki, bu barədə İraqın Media Təhlükəsizliyi Şəbəkəsi məlumat yayıb.
Bəyanatda ABŞ-nin media qurumlarının yaydığı xəbərlərin tamamilə əsassız olduğu vurğulanıb:
“İraq təhlükəsizlik qüvvələri ölkə sərhədlərinə ciddi nəzarət edir və hər hansı xarici qruplaşmanın ölkə ərazilərindən hərbi və ya təlim məqsədləri üçün istifadə etməsi qəti şəkildə qadağandır”.
Xatırladaq ki, ABŞ-nin “Foreign Policy” nəşri İranın İraqdakı “Həşd əş-Şabi” qruplaşmasının husilərə dəstək və təlim verdiyi barədə məlumat yayıb.
Materialda husilərin İraqın Diyalə əyalətinin Xalis rayonundakı “Həşd əş-Şabi” düşərgəsində PUA və partlayıcı qurğularla bağlı xüsusi təlim keçdiyi bildirilib. Nəşr husilərin İraqın paytaxtı Bağdad, Kərkük və ölkənin cənubda ofislərinin olduğu qeyd edilib.
Məqalədə hər iki qruplaşmanın İrandan maddi-texniki təminatla təchiz olunduğu vurğulanıb.