BAKI, 21 mart. TELEQRAF

Rusiya ABŞ ilə əldə edilmiş razılaşmaya əsasən, Ukraynadan fərqli olaraq enerji infrastrukturuna zərbələr endirməkdən çəkinir.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.

"Hər kəs görür ki, Prezident Volodimir Zelenskinin sözünə nə qədər etibar etmək olar. Biz bu barədə dəfələrlə tərəfdaşlarımızı xəbərdar etmişik. Ali baş komandanın əmri qüvvədədir, Rusiya ABŞ-lə əldə edilmiş razılaşmaya əsasən hücumlardan çəkinir", - Peskov vurğulayıb.

O, əlavə edib ki, qarşı tərəfin Sudja qaz stansiyasına hücumları Zelenskiyə və onun komandasına inanmağın mümkün olub-olmadığını bir daha nümayiş etdirir.

Qeyd edək ki, Ukrayna ordusunun ötən gün Kursk vilayətində yerləşən Sudja qazpaylayıcı stansiyasını partlatması faktı üzrə artıq cinayət işi açılıb.

İstintaq məlumatına görə, Ukraynanın qeyri-qanuni olaraq Rusiya ərazisinə daxil olmuş döyüşçüləri obyektə məqsədyönlü şəkildə hücum ediblər.