BAKI, 21 mart. TELEQRAF

ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Pentaqonun əməkdaşlarını məhkəməyə verməklə hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə Mask sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin əməkdaşları “The New York Times” (NYT) nəşrinə qəsdən yalan məlumat sızdırdıblar.

"Mən Pentaqon əməkdaşlarına qarşı məhkəmə prosesini səbirsizliklə gözləyirəm, çünki onlar NYT-yə qəsdən yalan məlumatlar sızdırıblar. Hamısı üzə çıxarılacaq", - İlon Mask bildirib.

Daha əvvəl sözügedən nəşr iki rəsmiyə istinadən xəbər vermişdi ki, Çinlə silahlı münaqişə baş verəcəyi təqdirdə Pentaqon Maska ABŞ-nin planları barədə məlumat verəcək.

ABŞ-nin hərbi nümayəndələri və Prezident Donald Tramp isə Çinlə bağlı hərbi planların müzakirə olunacağına dair məlumatı təkzib ediblər.