
BAKI, 21 mart. TELEQRAF
Dünyada 2022-2024-cü illərdə buzlaqların ümumi kütləsi rekord səviyyədə azalıb.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumları olan Ümumdünya Meteorologiya Təşkilatı və Ümumdünya Buzlaq Monitorinq Xidməti məlumat yayıb.
Bildirilib ki, son üç il ərzində buzlaqların əriməsi tarixi maksimuma çatıb.
“Bir çox regionlarda əvvəllər "əbədi donmuş torpaq" adlandırılan ərazilər XXI əsrin sonuna qədər mövcud olmayacaq”, - məlumatda qeyd olunub.
Hazırda Yer kürəsində ümumi sahəsi 700 min kvadrat kilometr olan 275 mindən çox buzlaq mövcuddur və bu buzlaqlar dünya üzrə şirin su ehtiyatlarının təxminən 70%-ni təşkil edir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, buzlaqların əriməsinin sürətlənməsi milyonlarla insanı içməli su mənbəyindən məhrum edəcək və təbii fəlakətlərin sayını artıracaq.