BAKI, 25 fevral. TELEQRAF

2014-cü ildə müəmmalı şəkildə itən Malaysia Airlines Boeing təyyarəsinin axtarışları Avstraliya sahillərində yenidən başlayıb.

Teleqraf xəbər verir ki, təyyarə Avstraliya sahilindən təxminən 1500 km uzaqlıqda və 15 min kvadrat kilometrlik ərazidə axtarılacaq.

Qeyd edək ki, 2014-cü il martın 8-də Malayziya Hava Yollarına aid "Boeing 777-200ER" tipli təyyarə Kuala-Lumpur (Malayziya) ilə Pekin (Çin) arasında uçarkən yoxa çıxıb. Göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.

Rəsmi araşdırmalar təyyarənin marşrutunu dəyişdiyini və çox uzaq məsafəyə uçmağa davam etdiyini bildirir.

Bəzi nəzəriyyələrə görə, ekipajın və ya sərnişinlərdən birinin təyyarəyə bilərəkdən ziyan vurduğu və təyyarənin qaçırıldığı ehtimal edilir.

Araşdırmalar və axtarışlar rəsmi olaraq 2018-ci ildə sona çatmış olsa da, bu hadisə hələ də tam aydınlaşdırılmayıb. Qəzaya uğrayan sərnişinlərin ailələri bu hadisə ilə bağlı dəqiq cavablar və araşdırmaların davam etməsini tələb edirlər.