BAKI, 25 fevral. TELEQRAF

Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Rusiya danışıqlarında əsas mövzu Ukrayna olmayıb, bu məsələ artıq həll edilib.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Əksər KİV-lər yazırlar ki, orada yalnız Ukrayna məsələsi həll olunub, əslində, bu məsələ orada danışıqların cəmi 5-10 faizini əhatə edib”, - ekspert bildirib.

Tarasovun iddiasına görə, ABŞ Prezidenti Donald Trampı maraqlandıran əsas məsələ Rusiya ilə diplomatik münasibətlərin tam bərpasıdır:

“Amerikalılar hazırda çox çətin iqtisadi və geosiyasi vəziyyətdə olduqları üçün vaxt itirmək istəmirlər. Tramp administrasiyası Bayden administrasiyası ilə bağlı çox ciddi, sensasion, ifşaedici açıqlamalar verməyə hazırlaşır, çünki daxildə çox ciddi siyasi mübarizə var. Bunun üçün Trampa öz mövqeyini gücləndirmək üçün səs-küylü xarici siyasət qələbələri lazımdır, bu halda Putin Tramp üçün ciddi tərəfdaş kimi çıxış edir. Buna görə də, amerikalılar ümumi maraqları müəyyənləşdirməyə çalışırlar. Çox güman ki, Ukrayna məsələsi artıq həll olunub və bu il müharibə başa çatacaq.

Belə görünür ki, Moskva Ukraynanın bütün ərazisinə, yoxsa sadəcə qərb hissəsinə nəzarəti ələ keçirmək istədiyinə hələ qərar verməyib, çünki bütün Ukrayna Rusiyanın nəzarətinə keçsə, bu, Qərbdə Putinin qələbəsi kimi görünəcək. Əbəs yerə deyil ki, Tramp Rusiyanın artıq təcavüzkar olmadığını bəyan edib və (BMT-də) qətnamənin qarşısını aldılar”.

Tarasov əlavə edib ki, Ukraynanın taleyi artıq həll olunub, Volodimir Zelenski hökuməti mütləq dəyişəcək:

“Texniki məsələlər olsa da, geosiyasi sərhədlər hələ dəqiqləşdirilməyib. Amma ən əsası odur ki, Trampla Putinin görüşü fevralın 28-dək baş tutmalıdır”.