BAKI, 25 fevral. TELEQRAF

Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Ukraynanın Aİ-yə üzvlüyünün ölkənin gələcəyi üçün əsas təhlükəsizlik zəmanəti olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, Koşta bu barədə Aİ liderləri və Kanada Baş naziri Castin Trüdonun iştirakı ilə Kiyevdə Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümü ilə bağlı keçirilən görüşdə danışıb.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen bu prosesin 2030-cu ildən əvvəl başa çata biləcəyini vurğulayıb.

“Əgər sadəcə bir tarix müəyyən etsək, digər namizəd ölkələr də tezliklə bizdən bunu istəyəcək. Lakin Ukraynada bu prosesin ləyaqətə əsaslandığını deyə bilərəm. Əgər bu sürətlə və keyfiyyətlə davam edərlərsə, bəlkə də 2030-cu ildən əvvəl üzv ola bilərlər,” - deyə o əlavə edib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə ABŞ-nin ölkəsini dəstəkləməyə davam edəcəyinə ümid etdiyini diqqətə çatdırıb. O, Avropa Komissiyasının prezidentinin sözlərini dəstəkləyərək, Ukraynanın NATO və Aİ üzvlüyünün təhlükəsizliyi əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını bildirib.