
TBİLİSİ, 25 fevral. TELEQRAF
Gürcüstanın qərbində güclü qardan zərər çəkmiş əhaliyə köməyin göstərilməsi prosesinə Müdafiə Qüvvələri cəlb olunacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı ölkənin Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.
Sənəddə bildirilib ki, qeyri-sabit hava şəraitinin yaratdığı fəsadların qısa zaman ərzində aradan qaldırılması üçün yerli özünüidarəetmə və müvafiq xidmətlərin nümayəndələri fövqəladə rejimdə fəaliyyət göstərirlər.
Qeyd edək ki, qonşu ölkənin qərbində fevralın 22-dən güclü qar yağır. Acarıstan bölgəsinin bəzi rayonlarında qaz və elektrik enerjisinin təchizatında problemlər yaranıb, ictimai nəqliyyat fəaliyyət göstərmir, yollarda hərəkət məhdudlaşdırılıb, uşaq bağçaları və məktəblərdə tədris prosesi dayandırılıb.
Lançxuti bölgəsində isə 40-dan çox evin damı uçub, 5 minə yaxın abunəçi işıqsız, 300-dən çox abunəçi isə təbii qazsız qalıb.