BAKI, 20 fevral. TELEQRAF

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri başa düşürlər ki, Donald Tramp Ağ Evə qayıtdıqdan sonra blokun təhlükəsizliyini təmin etmək üçün daha ABŞ-yə arxalana bilməzlər.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşrində məqalə dərc olunub.

Yazıda bildirilib ki, son baş verənlərin fonunda Brüssel və Vaşinqton müdafiə sahəsində əməkdaşlıq şərtlərinə yenidən baxmalıdırlar.

1949-cu ildə NATO yaradıldıqdan sonra Birləşmiş Ştatlar alyansın Avropaya üzv dövlətlərinin müdafiəsini öz üzərinə götürüb, lakin Aİ indi təkcə dünyada vəziyyətin dəyişdiyinə görə deyil, həm də Amerikanın ittifaqı qorumaq marağının azalmasına görə öz təhlükəsizliyini təmin etmək üçün daha böyük öhdəliklər götürməlidir.

Üstəlik, Avropanın ABŞ-nin əhəmiyyətli yardımı olmadan Kiyevi dəstəkləmək üçün lazım olan hərbi resursları yoxdur.

Nəşrin məlumatına görə, Tramp administrasiyası Avropanın mürəkkəb qlobal strateji mənzərədə yerini yenidən nəzərdən keçirir və çox güman ki, Ukrayna, Rusiya, Çin ticarət və iqlim kimi məsələlərdə onunla razılaşmayacaq.

Qeyd edək ki, Ağ Ev rəhbəri daha əvvəl NATO-ya üzv dövlətlərin müdafiə xərclərini ÜDM-nin 5 faizinə qədər çatdırmaq niyyətində olduğunu dəfələrlə bəyan edib.