Tiflis şəhər məhkəməsinin hakimi Laşa Çxikvadze müxalif “Rustavi 2” telekanalının keçmiş baş direktoru Nika Qvaramiyanın məhkəməsindən sonra ABŞ səfirliyini Gürcüstana təzyiq göstərməkdə və onun bu ölkəyə girişinə əngəl yaratmaqda günahlandırıb.
Teleqraf.com xəbər verir ki, məhkəmə mayın 16-da Qvaramiyanı 2012-2019-cu illərdə rəhbərlik etdiyi “Rustavi 2” teleşirkəti ilə bağlı üç il yarım müddətinə azadlıqdan məhrum edib.
İstintaqın məlumatına görə, Qvaramiyanın hərəkətləri səbəbindən şirkət altı milyon laridən çox zərər çəkib. O, 2019-cu ilin iyulunda tutduğu vəzifədən azad edilib.
“Nika Qvaramiyanın işi üzrə hökmü elan etdikdən sonra Tiflis Şəhər Məhkəməsinin binasında ABŞ səfirliyinin əməkdaşlarından biri (Kevin Burk) ilə görüşdüm. O, işin faktiki durumu ilə maraqlandı və dedi ki, səfir (Kelli Deqnan) mənim niyə onu mühakimə etdiyimi və niyə həbs cəzası verdiyimi soruşdu. Fikrimcə, bu, konkret iş üzrə hesabatın təqdim edilməsi tələbi idi”, - hakim deyib.
Çxikvadze Kevin Burkun onun yanına ABŞ Dövlət Departamenti tərəfindən göndərildiyini bildirib.
Onun sözlərinə görə, səfir ona gürcü hakimlərin yaxın vaxtlarda ABŞ-a səfərlərinin arzuolunmaz olduğunu çatdırıb.
Hakim Brüsseldə Qvaramiyanın həyat yoldaşı Sofiya Liluaşvili ilə görüşdükdən sonra müxalifətçini azad etməyə çağıran alman deputat Mixael Hallerin tələbinə də toxunub: “Mənə maraqlıdır ki, o, öz ölkəsinin hakimlərinə analoji təzyiq göstərə və konkret cinayət işinin nəticəsi ilə bağlı göstərişlər verə bilər? Ən əsası isə onun öz ölkəsində bu cür hərəkətlərinə reaksiya necə olardı?”.
İyunun 9-da Avropa Parlamenti Gürcüstanda media azadlığı ilə bağlı qətnamə qəbul edib. Sənəddə Qvaramiyanın həbsi “siyasi motivli” adlandırılıb.