BAKI, 22 sentyabr. TELEQRAF
Böyük Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpedonun sınaq buraxılışını həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə “The i Paper” məlumat yayıb.
Nəşrin məlumatına görə, sınaq ötən həftə 12 metr uzunluğunda “Excalibur” pilotsuz sualtı aparatından həyata keçirilib. Təxminən 19 ton ağırlığında olan aparat 1000 dəniz milinədək məsafə qət edə və beş günədək avtonom şəkildə su altında qala bilir.
Xüsusiyyətləri açıqlanmayan torpedo ABŞ və Avstraliya tərəfindən hazırlanıb. Silah yerüstü gəmilərin və sualtı qayıqların məhv edilməsi üçün nəzərdə tutulub.
Sınaq Böyük Britaniya və ABŞ tərəfindən birgə keçirilib. Bildirilir ki, bu, hər iki ölkə üçün torpedonun ekipajlı sualtı qayıqdan deyil, pilotsuz sualtı aparatdan buraxıldığı ilk haldır.