BAKI, 22 sentyabr. TELEQRAF
“Sabahkı oyuna tam hazırıq. Rəqibimiz zəif deyil. Azərbaycan millisi Millətlər Liqasında D Liqasına deyil, daha yuxarılara layiqdir”.
Teleqraf xəbər verir ki, bunu Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.
50 yaşlı şimali makedoniyalı mütəxəssis sabahkı oyuna yaxşı hazırlaşdıqlarını bildirib:
“Burada olmaqdan məmnunam. Bizim üçün hər şərait yaradılıb. Oyuna hazırıq. Bu futbolçularla işləməkdən məmnunam.
Bir baş məşqçi olaraq bütün rəqiblərə hörmət etməliyəm. Bundan öncə 6 il Makedoniya millisinin baş məşqçisi olmuşam. O zaman Azərbaycan millisinə qarşı oynamışam.
Nəticə hər zaman önəmlidir. Sabah yoldaşlıq oyununa çıxacağıq. Amma əlimizdən gələni edəcəyik ki, bu oyunda yaxşı nəticə qazanaq.
“Turan Tovuz”un qapıçısı Oleq Baklova şans verib-verməyəcəyim bu günkü məşqdən sonra məlum olacaq. Bunu deməyim bir qədər rəqib üçün də fürsət olar. Yəni hansı oyunçuları oynadıb-oynatmayacağımızı deməyim düzgün olmaz.
Eyni uğuru ötən il “Qarabağ” qazanmışdı. “Sabah” futbol klubunu və Valdas Dambrauskası təbrik edirəm, yaxşı nəticələr əldə edirlər. Ötən il “Qarabağ” və Qurban Qurbanov bunu bacarmışdı. Qurbanov Azərbaycan millisinin baş məşqçisi olarkən Makedoniya millisinin baş məşqçisi kimi onunla qarşılaşmışıq. Çox təəssüf ki, klub səviyyəsində qazanılan qələbələr milli komandanın nəticələrində əksini tapmır.
Azərbaycan millisinə uğurlar arzulayıram. İstəyirəm ki, qrup birincisi olub C Liqasına yüksəlsinlər”.
Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.