BAKI, 22 sentyabr. TELEQRAF

ABŞ Danimarka ilə əldə olunan razılaşmalar çərçivəsində Qrenlandiyada daha iki hərbi obyektdən istifadə etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin mənbələrinin sözlərinə görə, ABŞ Qrenlandiyanın cənubunda Soyuq müharibə dövrünə aid keçmiş “Bluie West One” aviabazasını yenidən açmağı, adanın şərq sahilindəki Mesters-Viq hərbi obyektində isə hərbi mövcudluq yaratmağı nəzərdə tutur.

“Bluie West One” bazası Narsarsuaq yaşayış məntəqəsində yerləşir və ABŞ tərəfindən 1950-ci illərin sonunda bağlanıb. Mesters-Viq obyektindən isə hazırda Danimarka hərbçiləri istifadə edirlər.

Məlumata görə, bu addımlar Vaşinqtonun Danimarka və Qrenlandiya rəhbərliyi ilə əldə etdiyi razılaşmalarda nəzərdə tutulub. Müvafiq sənədlərin sentyabrın 22-də Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanacağı gözlənilir.

ABŞ-nin Qrenlandiyada artıq Pituffik kosmik bazası fəaliyyət göstərir. Baza raket hücumları barədə erkən xəbərdarlıq və Arktika zonasına nəzarət funksiyalarını yerinə yetirir.