BAKI, 22 sentyabr. TELEQRAF
Pentaqon Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın sentyabrın 23-nə planlaşdırılan səfərinin təxirə salınmasını təcili şəkildə xahiş edib.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Amerika tərəfinin təcili müraciəti ilə əlaqədar Kosinyak-Kamışın Pentaqona səfəri başqa tarixdə baş tutacaq. Planlaşdırılan vaxtda isə ABŞ-yə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski və Maqdalena Sobkovyak-Çarnetska gedəcəklər.
Nazirlik Vaşinqtonun müraciəti və NATO-nun Beynəlxalq Hərbi Qərargahının iclası fonunda alyans ölkələrinin təhlükəsizliyi ilə bağlı yeni addımların təcili atılmasının zəruri olduğunu bildirib.
Kosinyak-Kamış Pentaqon rəhbəri Pit Heqsetlə Polşada ABŞ-nin yeni daimi hərbi bazasının yaradılması məsələsini müzakirə etməli idi.