BAKI, 22 sentyabr. TELEQRAF
ABŞ Yaxın Şərq ölkələrinin enerji infrastrukturunun bərpasını maliyyələşdirmək üçün yaradılması nəzərdə tutulan yeni fonda 5 milyard dollar yatırmağı təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, fondun vəsaiti hesabına neft və qaz tədarükünün Hörmüz boğazından asılılığını azaltmağa imkan verəcək yeni infrastrukturun yaradılması da planlaşdırılır.
ABŞ Prezidenti Donald Trampın planına əsasən, Vaşinqtonun regiondakı səkkiz tərəfdaşı – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt, Oman, İraq və İordaniya – ABŞ ilə eyni həcmdə, ümumilikdə 5 milyard dollar vəsait ayırmalıdır. Beləliklə, fondun ümumi həcminin 10 milyard dollara çatdırılması nəzərdə tutulur.
Tərəflər fondun yaradılması ilə bağlı detalları hələ müzakirə edirlər. Digər ölkələrin də təşəbbüsə qoşulub-qoşulmayacağı hələlik məlum deyil.
“WSJ” qeyd edir ki, bu təşəbbüs regiondakı münaqişənin qlobal enerji bazarına ciddi təsiri, eləcə də zədələnmiş boru kəmərləri və neft emalı zavodlarının bərpasının böyük maliyyə vəsaiti tələb etməsi fonunda irəli sürülüb.