BAKI, 7 may. TELEQRAF

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb.

Teleqraf xəbər verir ki, fərmana əsasən, “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC Metropolitenə birləşdirilib. Bununla da “Bakı Metropoliteni” QSC hər iki qurumun hüquqi varisi elan olunub.

Yenidən təşkil olunan qurum paytaxtda nəqliyyatın mobilliyini təmin edən əsas mərkəz funksiyasını yerinə yetirəcək. Cəmiyyətin səlahiyyətlərinə aşağıdakılar daxil edilib:

Metro, avtobus, taksi və tramvay üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi;

Vahid mərkəzdən idarəetmə və gediş haqqının ödənilməsi üzrə innovativ rəqəmsal həllərin (vahid ödəniş sisteminin) tətbiqi;

Yeni nəqliyyat infrastrukturu obyektlərinin, o cümlədən avtovağzalların, terminalların, taksi və avtobus parklarının layihələndirilməsi və tikintisi.

Fərmanla Cəmiyyətin idarəetmə modelində də yeniliklər edilib. Qurumun fəaliyyətinə ümumi rəhbərliyi 5 nəfərdən ibarət Müşahidə Şurası, cari rəhbərliyi isə 5 nəfərdən (sədr və 4 müavin) ibarət İdarə Heyəti həyata keçirəcək.

Cəmiyyətin yenidən təşkili, ləğvi və İdarə Heyəti üzvlərinin təyinatı birbaşa Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək. Digər idarəetmə səlahiyyətləri isə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) həvalə edilib.

Fərmanla yenidən təşkil edilən “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasına geniş səlahiyyətlər verilib.

Şura aşağıdakı vəzifələri həyata keçirəcək:

Cəmiyyətin inkişaf strategiyası, tədbirlər planı, biznes planı və əsas səmərəlilik göstəricilərinə (KPI) dair Ümumi Yığıncağa təkliflər vermək;

Gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq edilməsi üçün təqdim etmək və icrasını təmin etmək;

Xalis aktivlərin dəyərinin 25 faizindən artıq olan əqdlərin (xüsusi əhəmiyyətli əqdlərin), habelə aktivlərin 5 faizini və daha çoxunu təşkil edən aidiyyəti əqdlərin bağlanılmasına dair təkliflər hazırlamaq;

Fəaliyyətin səmərəliliyini artırmaq məqsədilə etika, strateji planlaşdırma, risklərin idarə edilməsi üzrə yardımçı komitələr yaratmaq;

Cəmiyyətin maliyyə planlaşdırılmasını, idarə, filial və nümayəndəliklərin əsasnamələrini, habelə təsisçisi olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;

Cəmiyyətin strukturunu, işçilərin say həddini, əməkhaqqı sistemini, əməyin ödənişi fondunu və ştat cədvəlini Ümumi Yığıncağın razılığı ilə təsdiq etmək;

Mənfəətin və zərərinin bölüşdürülməsi, illik və maliyyə hesabatlarını təsdiq üçün təqdim etmək;

Daxili audit bölməsini təşkil etmək, onun əsasnaməsini təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək.

Sənəddə həmçinin icraedici qurumlar qarşısında konkret vəzifələr qoyulub. Azərbaycan Respublikasının Nazirlər Kabineti fərmandan irəli gələn bütün məsələlərin həllini təmin etməlidir.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) isə tapşırılıb ki, üç ay müddətində Cəmiyyətin yeni nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin. Holdinq həmçinin fərmanın icrası ilə bağlı digər zəruri tədbirlərin görülməsinə məsul hesab edilib.

Sənəd imzalandığı gündən qüvvəyə minib.