BAKI, 23 oktyabr. TELEQRAF

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiya Respublikasına səfərə yola düşüb.

Bu barədə Teleqraf-a Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Serbiyanın Seçki Komissiyasının sədri Vladimir Dimitriyeviçin dəvəti əsasında gerçəkləşdirilən səfərin məqsədi oktyabrın 25-də bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək, həmçinin seçki idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirməkdir.

Səfər çərçivəsində M.Pənahovun serbiyalı həmkarı V.Dimitriyeviç, digər rəsmi şəxslər, habelə seçkiləri müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərin təşkili və keçirilməsi sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.

Səfər proqramına uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının nümayəndələri paytaxt Belqrad şəhərində seçkiqabağı hazırlıq prosesi ilə tanış olacaq, seçki günü isə seçki məntəqələrində səsvermənin təşkili və gedişini müşahidə edəcəklər.