BAKI, 4 noyabr. TELEQRAF
Azərbaycanda atmosfer havasının çirklənməsinə qarşı mübarizə üzrə 2028–2035-ci illəri əhatə edən Milli Fəaliyyət Planı hazırlanacaq.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev "Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası atmosfer havasının çirklənməsinin qarşısının alınması və keyfiyyətinin yaxşılaşdırılması sahəsində sistemli və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsi üçün müvafiq Milli Fəaliyyət Planının layihəsini 2027-ci il noyabrın 1-dək hazırlayıb dövlət başçısına təqdim etməlidir.
Sənədlə müəyyən edilir ki, layihə hazırlanarkən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də müəyyən edilmiş təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioritetlərinin Paris Sazişi, COP29-un nəticələri, "Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" sənədi və "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nın hədəfləri ilə kompleks şəkildə həyata keçirilməsi təmin olunmalıdır.
Milli Fəaliyyət Planının layihəsində aşağıdakı istiqamətlər öz əksini tapacaq:
Atmosfer havasının keyfiyyətinin mövcud vəziyyətinin, əsas çirklənmə mənbələrinin və hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin qiymətləndirilməsi;
Hava keyfiyyətinin monitorinqi sisteminin təkmilləşdirilməsi, zərərli maddələrin və onların mənbələrinin dövlət uçotu mexanizmlərinin gücləndirilməsi, transsərhəd çirklənmə üzrə məlumat mübadiləsinin beynəlxalq standartlara uyğunlaşdırılması;
Əsas iqtisadi sahələr üzrə atmosfer havasına atılan zərərli maddələrin azaldılmasına yönəlmiş tədbirlərin müəyyən edilməsi və ekoloji standartların təkmilləşdirilməsi;
Qabaqcıl texnologiyaların və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqi və təkmilləşdirilməsi;
Şəhər və digər yaşayış məntəqələrinin planlaşdırılmasında hava keyfiyyəti meyarlarının nəzərə alınması, iri şəhərlərdə çirklənmə səviyyəsinə uyğun zonalaşdırma prinsipinin tətbiqi və çirklənmə səviyyəsi yüksək olan ərazilər üçün əlavə tədbirlər planının hazırlanması;
İqtisadi stimullaşdırma alətlərindən, yaşıl maliyyələşmə və dövlət–özəl tərəfdaşlığı mexanizmlərindən istifadə imkanlarının müəyyənləşdirilməsi;
Atmosfer havasının keyfiyyəti barədə məlumatlara ictimaiyyətin çıxış imkanlarının genişləndirilməsi.
Milli Fəaliyyət Planı layihəsinin hazırlanması zamanı beynəlxalq təşkilatların, mütəxəssislərin, ixtisaslaşmış məsləhətçi şirkətlərin, eləcə də yerli elmi təşkilatların və vətəndaş cəmiyyəti institutlarının potensialından istifadə imkanları qiymətləndiriləcək.
Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.