BAKI, 24 oktyabr. TELEQRAF
Türkiyədə millətçi siyasi qüvvələrin, xüsusilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Azərbaycan məsələsində nümayiş etdirdiyi prinsipial mövqe dövlət maraqlarımız baxımından xüsusi əhəmiyyət daşıyır. Türkiyədə Azərbaycana münasibətdə fərqli yanaşmaların ortaya çıxdığı bir vaxtda MHP-nin mövqeyi göstərir ki, Azərbaycan–Türkiyə münasibətləri ayrı-ayrı siyasi mübahisələrdən daha yüksəkdə dayanır.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, MHP sədri Dövlət Baxçalının Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovla görüşü də bu baxımdan diqqətəlayiqdir.
Deputat biçdirib ki, görüş Azərbaycanla münasibətlərə verilən siyasi əhəmiyyətin və dialoqun qorunmasının vacibliyinin göstəricisi kimi qiymətləndirilə bilər.
"Özünün milli və dini dəyərlərini müdafiə etməklə yanaşı, qardaş xalqın dövlətçilik iradəsinə və suveren hüquqlarına hörmət göstərməyi də bacarmaq lazımdır.
Azərbaycan müstəqil dövlətdir və daxili siyasətini öz Konstitusiyası, qanunları və milli maraqları əsasında müəyyənləşdirmək hüququna malikdir.
Ölkəmizin dünyəvi dövlət modelinə və daxili seçimlərinə kənardan təzyiq göstərilməsi qarşılıqlı hörmət prinsipinə uyğun deyil", - deyə qeyd edib.
V.Qafarov vurğulayıb ki, Azərbaycan–Türkiyə münasibətləri ortaq tarixə, milli-mənəvi bağlara və strateji müttəfiqliyə əsaslanır: "Bu əlaqələrin gündəlik siyasi mübahisələrin təsiri altına düşməsinə yol vermək hər iki dövlətin maraqlarına zidd olardı.
Dövlət Baxçalının Azərbaycanla bağlı mövqeyi və səfirimizlə görüşü göstərir ki, qardaşlıq yalnız sözlə deyil, həssas məqamlarda nümayiş etdirilən siyasi münasibətlə də ölçülür. Azərbaycanın gözləntisi sadə və aydındır: dostluq qarşılıqlı hörmətə, suverenliyə ehtirama və milli maraqların nəzərə alınmasına əsaslanmalıdır".