BAKI, 27 oktyabr. TELEQRAF

Müstəqilliyimizin 35 ili ərzində müxtəlif dövrlərdən keçmişik, lakin məqsədlərimizə çatacağımıza həmişə inanmışıq. Bu illərin böyük bir hissəsində əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etmək və Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək olub.

Teleqraf xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

"Bilirsiniz ki, danışıqlar heç bir nəticə vermədi. Əslində, danışıqlar formatı elə qurulmuşdu ki, münaqişə həll edilməsin, əksinə, uzadılsın. Görünür, dünyanın aparıcı gücləri arasında bu məsələdə konsensus vardı. Lakin onların səhvi Azərbaycan xalqının və Azərbaycan hökumətinin nə düşündüyünü nəzərə almamaları idi. Biz danışıqlarda tam səmimiyyətlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticəyə gətirib çıxarmadığını gördükdə, BMT Nizamnaməsi və onun 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququmuz da daxil olmaqla, qanuni hüquqlarımıza əsaslanaraq məsələni həll etmək qərarına gəldik.

Biz özümüzü müdafiə etdik, düşmən üzərində qələbə qazandıq və Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdik.

Biz ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini bərpa etdik. Əslində, 1993-cü ildə qəbul edilmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirdik. Lakin bu qətnamələr 30 il ərzində yalnız kağız üzərində qalmışdı.

Biz Ermənistanla müharibəni davam etdirmək məqsədi güdmürdük. Ərazi bütövlüyümüzü və suverenliyimizi beynəlxalq hüquq normalarına uyğun şəkildə tam bərpa etdik. Bundan sonra isə Ermənistana sülh təklif etdik. Əgər müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra qarşı tərəfə sülh təklif edən belə bir nümunəyə çox az rast gələrik", - deyə dövlət başçısı qeyd edib.