BAKI, 23 noyabr. TELEQRAF

Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Buxarestdə Yaşıl Enerji Dəhlizi layihəsi üzrə 13-cü nazirlər iclasında iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İclasda Yaşıl Enerji Dəhlizi layihəsində iştirak edən ölkələrin nümayəndələri layihənin icrası prosesində əldə olunan irəliləyişi, texniki-iqtisadi əsaslandırma tədqiqatının nəticələrini və layihənin inkişafı ilə bağlı növbəti addımları müzakirə edəcəklər. Həmçinin aktual məsələlərə və layihənin praktiki icrası üçün zəruri tədbirlərin müəyyənləşdirilməsinə diqqət yetiriləcək.

İclasda Gürcüstan baş nazirinin müavini ilə yanaşı, Rumıniya, Azərbaycan və Macarıstanın energetika nazirləri də iştirak edəcəklər.

2022-ci il dekabrın 17-də Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” dördtərəfli saziş imzalanıb.

Sənəd Qara dənizin dibi ilə çəkiləcək sualtı elektrik kabeli vasitəsilə Cənubi Qafqazla Avropa arasında yaşıl enerjinin ötürülməsi üçün yeni marşrutun yaradılmasını nəzərdə tutur. Bu, enerji təchizatı mənbələrinin şaxələndirilməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə və regionun strateji əhəmiyyətinin artırılmasına töhfə verəcək.