BAKI, 23 noyabr. TELEQRAF

“Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə sülh xalqa qaytarılmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsi ilə bağlı xalqa müraciətində deyib.

“Yeni Konstitusiyanın qəbulu ilə sülh xalqa qaytarılmalıdır. Yeni Konstitusiya layihəsinin 8-ci maddəsində Ermənistan Respublikasının xarici siyasətinin məqsədinin sülhün təmin edilməsi olduğu təsbit edilir. Bu, tarixi əhəmiyyət daşıyan müddəadır. Bununla, bəli, 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinin məntiqindən, yəni münaqişə məntiqindən imtina edilir”, - Baş nazir vurğulayıb.

O, insanları heç vaxt bu addımın xarici təzyiqlər altında və ya başqalarının maraqları naminə atıldığını düşünməkdən uzaq durmağa çağırıb:

“Biz bunu dövlətimizin davamlılığına həyat vermək və Ermənistan Respublikasını forpost məntiqini aşacaq şəkildə mövqeləndirmək üçün edirik.

Məqsədimiz Ermənistan Respublikasını torpaq səngərindən sülhün kəsişmə nöqtəsinə çevirməkdir. Bu, həm də elə bir ölkə olmalıdır ki, onun öz dövlət sərhədlərinin və beynəlxalq səviyyədə tanınmış ərazisinin toxunulmazlığını müstəqil şəkildə müdafiə edə bilən ordusu olsun”.