BAKI, 23 noyabr. TELEQRAF
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan sülhməramlı missiyalar məsələləri üzrə ABŞ xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.
Teleqraf xəbər verir ki, həmsöhbətlər Ermənistan-ABŞ hərtərəfli strateji tərəfdaşlığının inkişafında müşahidə olunan fəal dinamikanı və bir sıra sahələrdə əməkdaşlığın davamlı şəkildə dərinləşməsini vurğulayıblar.
Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş istiqamətlər və mövcud inkişaf tendensiyaları ilə uzlaşan əməkdaşlığın yeni imkanları müzakirə olunub. Tərəfdaşlığın iqtisadi komponentinə, eləcə də G20-nin qarşıdakı sammitinin gündəliyində duran məsələlərə toxunulub.
Ararat Mirzoyan və Arye Laytstoun 2025-ci il avqustun 8-də keçirilmiş sülh sammitindən sonra sülhün institutsionallaşdırılması istiqamətində həyata keçirilən addımları və əldə olunan nəticələri ətraflı müzakirə ediblər. Bu kontekstdə kommunikasiyaların açılması və regional əlaqələrin inkişafı məsələlərinə toxunan həmsöhbətlər TRIPP layihəsinin praktiki mərhələsinə start verilməsinin əhəmiyyətini vurğulayıblar. Bu, irimiqyaslı layihənin həyata keçirilməsi və regional əməkdaşlığın inkişafı baxımından daha bir mühüm mərhələ kimi qiymətləndirilib.
Ararat Mirzoyan və Arye Laytstoun beynəlxalq proseslər və baş verən hadisələr ətrafında da fikir mübadiləsi aparıblar.