BAKI, 23 noyabr. TELEQRAF
“Ermənistanın yeni Konstitusiya layihəsinin müzakirələri 2027-ci ilin yazına qədər davam edəcək”.
Teleqraf xəbər verir ki, bunu parlamentdəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Arusyak Manavazyan brifinqdə deyib.
“Qarşıdakı bir neçə ay ərzində layihə müzakirələr, rəylər və təkliflər üçün ictimaiyyətə təqdim olunacaq. Müvafiq saytda təkliflərin irəli sürülməsi üçün imkan yaradılıb, bütün vətəndaşlar bundan sərbəst şəkildə istifadə edə bilərlər. Bu proses bir neçə ay, yəni yaza qədər davam edəcək”, - Manavazyan bildirib.
Hakim fraksiyanın deputatı Alxas Qazaryan isə öz növbəsində qeyd edib ki, hakimiyyət bu məsələdə tələsmək niyyətində deyil.
Müzakirələr başa çatdıqdan sonra Konstitusiya layihəsi Milli Məclisə təqdim ediləcək.
Ermənistanın yeni Konstitusiya layihəsi noyabrın 23-də dərc olunub.
Ermənistanın yeni Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün bunun Konstitusiyadan çıxarılmasını tələb edirdi.
Bəyannamədə həmçinin qondarma erməni soyqırımı ilə bağlı məqamlar yer alır.