BAKI, 14 noyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Türkiyə ilə münasibətlərin tam normallaşdırılması və Azərbaycanla uzunmüddətli sülhün əldə olunması istiqamətində tarixi fürsətlə üzləşdiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Dublində çıxışı zamanı məlumat verib.
Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iki gün əvvəl keçirdiyi görüşü müsbət qiymətləndirib: "Türkiyə Ermənistanla idxal və ixrac əməliyyatlarının həyata keçirilməsi üçün Gürcüstan ərazisindən keçən yolları açıb".
Baş nazir yaxın gələcəkdə iki ölkə arasında münasibətlərin tam normallaşacağına ümid etdiyini bildirib.
Azərbaycanla münasibətlərə toxunan Baş nazir Prezident İlham Əliyevlə görüşündən sonra uzunmüddətli sülhün əldə olunması üçün real imkanın yarandığı qənaətinə gəldiyini bildirib:
"Hazırda yekun, davamlı və etibarlı sülhə nail olmaq üçün real tarixi imkanımız var. Bu fürsətdən istifadə etməmək bağışlanmaz olardı. Tarixi şansdan yararlanmaq mənim və hökumətimizin missiyasıdır".