BAKI, 12 noyabr. TELEQRAF
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası parlament müxalifətinin yeni konstitusiyanın qəbulunu nəzərdə tutan qanun layihəsinə dəstəyini təmin etməyin yollarını axtarır.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” yazıb.
Nəşr xatırladıb ki, son günlər müxalifət nümayəndələri İrəvan küçələrində yeni konstitusiya ilə bağlı maarifləndirmə kampaniyasına başlayıblar:
“Müxaliflər regionlarda da eyni işi görürlər. İnsanları maarifləndirən və niyə bunun əleyhinə səs verilməli olduğunu izah edən müxalifət “Yox” cəbhəsi formalaşdırmağa çalışır.
Cəmi bir neçə gün əvvələ qədər “Vətəndaş Müqaviləsi”ndə belə bir fikir üstünlük təşkil edirdi ki, müxalifət yeni konstitusiyanı qəti şəkildə rədd etdiyi və parlamentə təqdim olunacaq layihənin lehinə səs vermək niyyətində olmadığı üçün növbədənkənar parlament seçkiləri elan oluna bilər. Amma müxalifətin aksiyalarından sonra vəziyyət dəyişib. Müxalifət parlamentdə layihənin əleyhinə səs verəcəyini bildirməkdə davam etsə də, hakim komanda belə bir sual müzakirə olunur: əgər müxalifət parlamentdə səsverməni pozaraq layihənin referenduma çıxarılmasına imkan verməmək niyyətindədirsə, o zaman niyə ictimaiyyəti bu layihə barədə məlumatlandırır?
Müxalifətin anlaşılmaz davranışı hakim partiyanın nümayəndələrini ümidləndirir. Son günlər öz aralarındakı söhbətlərdə növbədənkənar seçkilərə ehtiyac yaranmaya biləcəyini istisna etmirlər. Ümid edirlər ki, yeni konstitusiya layihəsi parlamentə təqdim edildikdən sonra müxalifət sənədlə tanış olacaq və mövqeyini dəyişərək lehinə səs vermək, referendumun keçirilməsinə imkan yaratmaq qərarına gələcək. Bundan sonra isə yeni konstitusiyanın qəbul olunmasını istəyib-istəmədiyinə xalq özü qərar verəcək.
Hakim partiya daxilində bu məsələyə münasibətdə fikir ayrılığı var. Bir qrup hesab edir ki, müxalifəti razı salmaq mümkün olacaq. Onlar bu qənaətə müxalifətin son addımlarına əsasən gəliblər.
Digər qrup isə əmindir ki, müxalifəti razı salmaq mümkün olmasa, Baş nazir Nikol Paşinyan erkən seçkilərin keçirilməsi məqsədilə ilin sonunda istefa verməklə parlamentin buraxılmasına nail olacaq”.
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni konstitusiya layihəsinin parlamentə noyabrın sonunda, ən geci isə ilin sonunadək təqdim ediləcəyini açıqlayıb.