BAKI, 12 noyabr. TELEQRAF
Ermənistanın dəmir yolunun fəaliyyəti ilə bağlı məsələlərin həlli üçün Ermənistan-Rusiya birgə işçi qrupunun ilk iclası gələn həftənin əvvəlində keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Qeyd olunub ki, bu məqsədlə Rusiyadan İrəvana nümayəndə heyəti gələcək. Nümayəndə heyətinə “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin (CQDY) Direktorlar Şurasının sədri və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun müavini Vyaçeslav Pavlovski və nəqliyyat nazirinin müavini Aleksey Şilo daxil olacaq.
Oktyabrın ortalarında Ermənistan və Rusiya dəmir yolunun fəaliyyəti ilə bağlı məsələlərin həlli məqsədilə üç aylıq müddətə işçi qrupu yaradıb. Ermənistan tərəfdən qrupa ərazi idarəetmə və infrastruktur nazirinin müavini David İvanyan rəhbərlik edir. Rusiya tərəfdən isə qrupa Aleksey Şilo və Vyaçeslav Pavlovski daxildir.
Nikol Paşinyan hökuməti Rusiyadan Ermənistanın dəmir yollarının idarəetmə hüququnun İrəvana təhvil verməsini tələb edir.