BAKI, 28 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Səudiyyə Ərəbistanı şahzadəsi Əbdüləziz bin Təlal əl-Səudun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısı sosial mediada məlumat verib.

Həmsöhbətlər Ermənistan-Səudiyyə Ərəbistanı münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə ediblər. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının önəminə diqqət çəkərək, bunun müxtəlif sahələrdə əməkdaşlığın inkişafına və əlaqələrin genişlənməsinə yeni təkan verəcəyinə əminliklərini bildiriblər. Həmçinin Ermənistanda investisiya layihələrinin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Nikol Paşinyan və Əbdüləziz bin Təlal əl-Səud regional əhəmiyyətli məsələlərə də toxunublar. Hər iki tərəf Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasının və regionda sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.