BAKI, 28 oktyabr. TELEQRAF

İsveçdə antisemitizmlə mübarizə istiqamətində milli strategiyalar həyata keçirilsə də, bu sahədə müəyyən problemlər və aradan qaldırılmalı boşluqlar qalmaqdadır.

Teleqraf xəbər verir ki, bunu İsveçin dinlərarası və mədəniyyətlərarası dialoq üzrə xüsusi elçisi Kristian Kamill VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı paneldə deyib.

O bildirib ki, antisemitizmlə mübarizə məsələsi hökumətin fəaliyyəti, hüquq-mühafizə orqanlarının yanaşması və milli strategiyaların tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Kristian Kamillin sözlərinə görə, böhrandan sonra hüquq-mühafizə orqanlarının fəaliyyəti və bu sahədə hazırlanan hesabatlar da məsələnin qiymətləndirilməsində mühüm rol oynayır. O, yəhudi icmasının üzləşdiyi çətinliklərə diqqət çəkərək, bu istiqamətdə milli səviyyədə müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Xüsusi elçi qeyd edib ki, özü də milli koordinator kimi bu proseslərdə iştirak edir. İsveçdə yəhudi həyatının tarixi və irsinin qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi bu kontekstdə diqqət çəkən məqamlardandır.

Kristian Kamill, həmçinin miqrasiya siyasəti ətrafında cəmiyyətdə müxtəlif fikirlərin mövcudluğunun demokratik ölkələr üçün təbii olduğunu bildirib. Onun fikrincə, bu cür məsələlərin müzakirəsində fərqli mövqelər olsa da, antisemitizmlə mübarizə və mövcud problemlərin həlli üçün siyasi səviyyədə ortaq yanaşmanın formalaşması vacibdir.