BAKI, 28 oktyabr. TELEQRAF

“Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası, məncə, heç bir təhlükəsizlik problemini həll etmir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərlə söhbətində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sarik Minasyan deyib.

“İqtisadi baxımdan şəhərdə müəyyən canlanma yaradır. Amma burada bir məsələ var: 102-ci hərbi bazanın zabit heyəti Ermənistan Silahlı Qüvvələrinin zabit heyəti kimi, qanunla müəyyən edilmiş qaydada əmlak vergisindən azaddır. Onların nəqliyyat vasitələri və əmlakları olsa da, əmlak vergisi ödəmirlər. Bu, Ermənistan Silahlı Qüvvələrinin zabit heyətinin hüquqları ilə eyniləşdirilib.

Hətta Gümrünün gündəlik həyatında müəyyən iqtisadi canlanma yarada bilsələr belə, əmlak vergisi ödəmirlər. Əgər nəzərə alsaq ki, Rusiya və ya Rusiya Prezidenti Vladimir Putin 102-ci bazanın çıxarılmasına qərar verə bilər, bu iki amil bir-birini tarazlaşdırar. Mən burada problem görmürəm.

Maraqlandığım və araşdırdığım qədər, Tanrı qorusun, Türkiyə ilə müharibə vəziyyəti yaranarsa, 102-ci hərbi baza cəmi 20 dəqiqə müqavimət göstərə bilər. Bundan xəbəriniz varmı?”, - Minasyan bildirib.