BAKI, 28 oktyabr. TELEQRAF

Fransa Senatı etiraz aksiyaları zamanı vurulan ziyana görə nümayişçilərin maliyyə məsuliyyəti daşımasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, qanun layihəsi may ayında UEFA Çempionlar Liqasının finalında PSJ-nin “Arsenal”ı məğlub etməsindən sonra Parisdə baş verən iğtişaşlara cavab olaraq hazırlanıb.

Amma təşəbbüs oktyabrın 17-də keçirilən etiraz aksiyalarının Fransada son illərin ən genişmiqyaslı iğtişaşlarından birinə çevrilməsindən sonra əlavə əhəmiyyət qazanıb. Ölkə üzrə minlərlə obyektə ziyan vurulub, minlərlə mağaza qarət edilib.

Senat qanun layihəsinin genişləndirilmiş variantını 229 lehinə, 105 əleyhinə səslə dəstəkləyib. Layihəyə əsasən, küçə aksiyaları zamanı vurulan ziyana görə nümayişçilərdən 10 min avroyadək vəsait tələb oluna bilər. Ziyanın ödənilməsi məqsədilə şəxslərin sosial müavinətlərindən və mənzil subsidiyalarından da vəsait tutula bilər.

Qanun layihəsi müzakirə və səsvermə üçün Milli Assambleyaya göndərilib.