BAKI, 27 oktyabr. TELEQRAF
Niderland Azərbaycan və Ermənistana itkin düşmüş şəxslərin axtarışı işlərində maliyyə dəstəyi göstərəcək. Söhbət Qarabağ münaqişəsi nəticəsində itkin düşən şəxslərin axtarışından gedir.
Teleqraf xəbər verir ki, bu barədə oktyabrın 27-də İrəvanda mətbuat konfransında Niderland xarici işlər naziri Tom Berendsen məlumat verib.
Nazir bildirib ki, Niderland iki ölkənin münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımları alqışlayır.
“Bu prosesin sülh sazişinin imzalanması ilə başa çatması çox vacibdir”, - deyən Berendsen itkin düşmüş şəxslərin axtarışı üçün hər iki ölkəyə yeni maliyyə dəstəyi ayrılacağını vəd edib.
Xarici işlər naziri Ermənistanın sülh yolunu seçmək qərarını və Avropa ailəsi ilə daha sıx əməkdaşlıq etmək istəyini də alqışlayıb: “Sülhün bərqərar olması prosesində etimad körpülərinin qurulması xüsusi əhəmiyyət daşıyır”.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə öz növbəsində məsələnin həm Ermənistan, həm də Azərbaycan üçün həssas olduğunu vurğulayıb. O, bu prosesdə beynəlxalq tərəfdaşların və üçüncü tərəflərin iştirakının vacibliyini qeyd edib.