BAKI, 28 oktyabr. TELEQRAF
Oman beynəlxalq əməkdaşlığın gücləndirilməsini vacib sayır.
Teleqraf xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü Yüksək Səviyyəli Görüşündə iştirak edən Oman nümayəndə heyətinin üzvü Zahra Mohamed Redha Mohamad Said Al Lavaiti jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dövlət vəsaitlərinin qorunması və institusional hesabatlılığın artırılması vacibdir. Z.Al Lavaiti Məkkə-Əl-Mükərrəmə Konvensiyasının icrasının gücləndirilməsini, məlumat mübadiləsi, hüquqi yardım və qanunsuz aktivlərin geri qaytarılması sahələrində əməkdaşlığın genişləndirilməsini önə çəkib.
Oman nümayəndəsi tədbirin təşkilinə görə Azərbaycanın Baş Prokurorluğuna təşəkkür edib, Bakının zəngin mədəni irsini və müasir inkişafını yüksək qiymətləndirib.