BAKI, 27 oktyabr. TELEQRAF
Ermənistan Müdafiə Nazirliyinin Vayots Dzor vilayəti üzrə hərbi komissarı Qaqik Qriqoryan rüşvət ittihamı ilə həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşrin yazdığına görə, ordunu təbliğat vasitəsinə çevirən hakimiyyət bu faktı diqqətlə gizlədirlər:
“Çünki Qriqoryanın yuxarı dairələrdə güclü himayədarları var. O, Ermənistan Daxili İşlər Nazirliyinin Vayk bölməsinin rəisi Gevorq Qriqoryanın qardaşıdır. Həmçinin həbs olunan şəxs müdafiə nazirinin müavini Arman Sərkisyanın yaxın adamıdır.
Yerli sakinlərin sözlərinə görə, Qaqik Qriqoryan hərbi xidmət yolu keçməyib. Polkovnik rütbəsini də əlaqələri sayəsində alıb, əsasən bizneslə məşğul olub.
Rəhbərlik və yaxınları onun tezliklə vəzifəsinə qayıdacağına ümid etdikləri üçün yerinə başqa şəxsi təyin etməyiblər. Amma artıq iki həftədir onun xidməti kabineti möhürlənib. Bu səbəbdən sakinlər son günlər hərbi komissarlıqdan heç bir arayış və ya sənəd ala bilmirlər”.