BAKI, 27 oktyabr. TELEQRAF

“Parlamentdəki müxalif “Ermənistan” fraksiyası “Tramp marşrutu” (TRIPP) qanun layihəsinin əleyhinə səs verəcək”.

Teleqraf xəbər verir ki, bu barədə fraksiyanın rəhbəri Anna Qriqoryan bildirib.

Deputatın sözlərinə görə, Ermənistanla ABŞ arasında müqavilə formal olaraq ikitərəfli olsa da, onun məzmunu həm də Azərbaycanın maraqlarını əks etdirir və bu, Ermənistanın maraqlarından daha aydın şəkildə təqdim olunur:

“Ümumiyyətlə, müqavilə kağız üzərində ikitərəflidir, yəni müqavilənin iki tərəfi Ermənistan Respublikası və ABŞ-dir, amma mahiyyətində və məzmununda üçüncü tərəf, yəni Azərbaycan da var. Üstəlik, bu sənəddə Ermənistanın maraqlarından daha çox Azərbaycanın maraqları əks olunur”.

Qriqoryan qeyd edib ki, ABŞ layihənin nəticəsi olaraq regionda, o cümlədən İranla sərhəddə mövqe qazanır və Azərbaycan əsas hissəsi ilə Naxçıvan və Türkiyə arasında birbaşa əlaqə yaratmaq imkanı qazanır, bu Bakı ilə yanaşı, Ankaranın da strateji məqsədlərindən biridir.

“Üstəgəl, Azərbaycanı Naxçıvanla birləşdirən yol Ermənistanın digər yollarına inteqrasiya olunmayacaq”.