BAKI, 28 oktyabr. TELEQRAF

Ermənistan parlamentinin sədr müavini Vaaqn Aleksanyan növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı suala cavab verərkən, bu ssenarinin hələlik qeyri-müəyyən olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərlə söhbəti zamanı danışıb.

“Bu, mümkün ssenarilərdən biridir. Bundan əlavə, düşünmürəm ki, müxalifət xalqın Konstitusiya məsələsi ilə bağlı öz iradəsini ifadə etməsinə qarşı çıxacaq. Ona görə də bu məsələ gələcəkdə müzakirə oluna bilər”, - Aleksanyan qeyd edib.

Baş nazir Nikol Paşinyan oktyabrın 22-də parlamentdə konstitusion çoxluğu (“Vətəndaş Müqaviləsi” Partiyası son seçkilərdə 49,81 faiz səs qazanıb) təmin etmək və yeni Konstitusiyanın qəbul edilməsini təmin etmək məqsədilə erkən parlament seçkilərinin keçirilməsini istisna etməyib: “Müxalifətdəki həmkarlarımızı bunun çox vacib və fundamental məsələ olduğuna inandırmağa çalışacağıq”.

Baş nazir əlavə edib ki, bu, uğursuz olarsa, Ermənistanın hakim partiyası növbədənkənar seçkilər də daxil olmaqla, digər ssenariləri də həyata keçirəcək.