BAKI, 28 oktyabr. TELEQRAF

Ötən yazımızda şamaxılı mühacir Rəsul Ünsalın qızı Pərixan xanımın İkinci Dünya müharibəsindən sonra Türkiyəyə mühacirət etmiş bir azərbaycanlı ilə ailə həyatı qurduğunu yazmışdıq. Bu şəxs Dr. Mikayıl Binnət idi.

Mustafayev Mikayıl Məhəmməd oğlu 15 dekabr 1913-cü ildə Gəncə şəhərində anadan olub. İbtidai təhsilini Gəncədə, orta təhsilini isə Bakıda alıb. Dörd yaşında atasını, doqquz yaşında ikən anasını itirib. Bacısı Dilarə 13 yaşında Azərbaycanda baş vermiş vəba epidemiyası zamanı vəfat edib. Gənc Mikayıl əmisi Binnətin köməyi ilə böyüyüb. Buna görə də Türkiyədə soyad seçərkən əmisinin xatirəsinə hörmət əlaməti olaraq Binnət soyadını qəbul edib.

Orta və lisey təhsilini Bakıda başa vurduqdan sonra Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universiteti) daxil olmaq üçün Gəncə şəhərindəki Fəhlə Tibb Fakültəsində iki il hazırlıq mərhələsi keçib. 1936-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olub və 1941-ci ilin iyununda müalicə-profilaktika fakültəsini həkim ixtisası üzrə bitirib. Daha sonra cəbhəyə göndərilən Mikayıl bəy müharibə illərində hərbi həkim kimi xidmət edib.

Almaniyada həkimlik fəaliyyəti

Daxili xəstəliklər sahəsində ixtisaslaşmaq məqsədilə 1942–1945-ci illərdə Berlindəki Innere Medizin Universität Klinik-də təhsilini və ixtisasartırma fəaliyyətini davam etdirib. Müharibə başa çatdıqdan sonra digər azərbaycanlı həmkarları kimi Almaniyanın müxtəlif şəhərlərində həkimlik fəaliyyətini davam etdirib. 1946-cı ildə Münxen şəhərində işləyib. Sonrakı illərdə Städtisches Krankenhaus Fulda və Hannoverdəki Landeskrankenhaus des Henriettenstifts xəstəxanalarında çalışıb. Onun Almaniyadakı əmək fəaliyyəti 1953-cü ilə qədər davam edib.

Türkiyəyə doğru

Mikayıl bəy 26 may 1953-cü ildə sərbəst mühacir statusu ilə Türkiyə vətəndaşlığına qəbul edilib. Türkiyədə ilk iş yeri Ankara Numune Xəstəxanası olub. 1954-cü ildən etibarən Türkiyənin müdafiə sənayesinin ilk mərkəzlərindən biri olan Kırıkkale şəhərində fəaliyyətini davam etdirib. Burada Maşın və Kimya Sənayesi Müəssisəsinin Kırıkkale Xəstəxanasında və Pirinç Tökmə Fabrikində səhiyyə rəisi vəzifəsində çalışıb. 1969-cu ilə qədər bu vəzifədə qalıb.

1969-cu ildə Ankaraya köçən Binnət Sosial Sığortalar Qurumunun Ulus Xəstəxanasının V Daxili Xəstəliklər şöbəsində işləməyə başlayıb və təqaüdə çıxanadək burada fəaliyyət göstərib. Təqaüdə çıxdıqdan sonra da həkimlik fəaliyyətini dayandırmayıb, ömrünün sonunadək Ankarada müəssisə həkimi kimi çalışıb. 13 dekabr 1980-ci ildə xərçəng xəstəliyi nəticəsində vəfat edib. Çox arzuladığı Bakı və Gəncə şəhərlərini yenidən görmək istəyi onunla birlikdə əbədiyyətə qovuşub.

Ailə həyatı və övladları

Mikayıl Binnət 1954-cü ildə ailə həyatı qurub. Qeyd etdiyimiz kimi həyat yoldaşı Pərixan xanım 1918-ci ildə Qafqaz İslam Ordusunun Anadoluya apardığı azərbaycanlı mühacir Rəsul Ünsalın qızı idi. Bu iki azərbaycanlı türkün toy mərasimində Pərixan xanımın nikah şahidi Məhəmmədəmin Rəsulzadə olub. Pərixan xanım Şamaxının köklü Salamzadə ailəsinə mənsub idi. Ata-baba yurdu Şamaxıya səfər edib, oradakı qohumları ilə görüşüb. 2026-cı ildə vəfat edib.

Bu evlilikdən ailənin üç övladı dünyaya gəlib: Mehmet Serdar, Dilarə Azər və Gülarə Azər. Valideynləri övladlarını Azərbaycan adət-ənənələrinə uyğun şəkildə böyüdüblər. Binnət ailəsinin akademik fəaliyyətlə məşğul olan övladlarının Azərbaycanla əlaqələri daim mövcud olub və bu əlaqələr bu gün də davam edir.

Türkiyədə və beynəlxalq elmi mühitdə tanınan professor doktor Mehmet S. Binnət ailənin böyük oğludur. O, Azərbaycanda ortopediya və travmatologiya sahəsində çoxsaylı həkimlərin yetişməsinə kömək edib, onların bir çoxunun müəllimi olub. 2000-ci illərin əvvəllərində iki dövlət arasında imzalanmış memorandum əsasında yeni fəaliyyətə başlayan Mərkəzi Klinik Xəstəxanaya hər altı həftədən bir, bir həftəlik Bakıya gələrək burada çalışan rezidentlərin hazırlanmasına töhfə verib. Onun bu sahədəki fəaliyyəti sonrakı illərdə də davam edib.

Dilarə Azər xanım ailənin ikinci övladıdır. Ankara Universitetində və Türkiyə Respublikası Baş nazirliyində çalışdıqdan sonra Türkiyə Palatalar və Birjalar Birliyində və Atılım Universitetində tədris fəaliyyəti ilə məşğul olub. Atasının xatirəsinə ehtiram əlaməti olaraq qısa müddət ərzində Azərbaycanın Odlar Yurdu Universitetində qonaq müəllim kimi fəaliyyət göstərib. O, Türkiyədə Azərbaycan lobbisinin fəal üzvlərindən biri kimi tanınır.

Ailənin kiçik qızı Gülarə Azər uzun illər Türkiyənin informasiya texnologiyaları sektorunun müxtəlif qurum və dərnəklərində fəal vəzifələr tutub, Proqram Təminatı Sənayeçiləri Dərnəyinin sədri olub. Daha sonra İstanbul Texniki Universitetində informasiya texnologiyaları etikası fənnini uzun illər tədris edib və 2025-ci ildə təqaüdə çıxıb.

Azərbaycandan gələn qonaq

Dr. Mikayıl Binnət Azərbaycan türkcəsi ilə yanaşı, rus, alman, ingilis və latın dillərində də sərbəst danışıb. Onun həyatında həkimlik fəaliyyəti başlıca yer tuturdu. Ankaradan uzaqda yerləşən şəhərlərdə işləməsi səbəbindən Azərbaycanla bağlı ictimai və mədəni fəaliyyətlərdə geniş iştirak edə bilməyib. Bu istiqamətdə onun qayınatası Rəsul Ünsal həm Azərbaycan Kültür Dərnəyindəki fəaliyyəti, həm də ictimai sahədə gördüyü işlərlə mühüm rol oynayıb.

Mikayıl Binnətin Gəncədə yaşayan qohumları ilə ilk əlaqəsi 1975-ci ildə qurulub. 1977-ci ildə əmisi Binnətin oğlu Əli İhsanı Türkiyəyə dəvət edib və uzun illərdən sonra qohumları ilə görüşüb.

Dr. Mikayıl Binnətin Goranboy rayonunun Quşçular kəndindəki evi xatirə olaraq qorunur, hazırda orada Binnət əmisinin nəvələrinin övladları yaşayır. Mikayıl bəyin Quşçular kəndindən ayrılarkən evin həyətində əkdiyi nar ağacı bu gün də bar verməkdədir. Evində yatdığı döşək hələ də qalır, oğlu Mehmet bəyin bizə verdiyi məlumata görə Quşçular kəndinə səfər edərkən həmin döşəkdə, həmin nar ağacının kölgəsində dincəlir…

Qeyd: Dr. Mikayıl Binnət haqqında bu məlumatları bizə bu yaxınalrda Bakıda səfərdə olan oğlu Mehmet bəy verib. Dəyərli Mehmet bəyə babası və atası haqqında verdiyi qiymətli məlumatlara görə təşəkkür edirik.