BAKI, 27 oktyabr. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avrasiya İqtisadi Birliyindəki (AİB) tərəfdaşlarının məsələyə vicdanlı yanaşma sərgiləyəcəyinə ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Niderland xarici işlər naziri Tom Berendsen ilə birgə mətbuat konfransında AİB-in Ermənistanla bağlı son hesabatını şərh edərkən danışıb.
Nazir sənədin kifayət qədər geniş olduğunu və Ermənistanın üzvlüyünün mümkün dayandırılması üçün göstərilən əsaslarla razılaşmadığını deyib. Onun sözlərinə görə, tərəfdaş ölkələr təşkilatdan çıxarılmanın və ya üzvlüyün dondurulmasının AİB sənədlərində nəzərdə tutulmadığını desələr də, Vyana Konvensiyasına əsasən belə bir imkan mövcuddur.
“Bəli, belə bir müddəa var, amma olduqca konkret şərtlər daxilində. Narazılıq doğuran tərəf razılaşmaları və ya təşkilat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmalıdır ki, ona “sən qaydaları pozmusan, təşəkkürlər, sağ ol” deyə bilsinlər. Ermənistan isə heç nəyi pozmayıb və pozmaq niyyətində də deyil”, - Mirzoyan qeyd edib.
Ermənistan xarici işlər naziri tərəfdaşların hüquqi əsaslar tapmaq üçün səylərini əsirgəmədiklərini, amma onun bu əsaslandırmalarla razılaşmadığını söyləyib: “Siyasi məsələyə gəlincə, üzərimizə götürdüyümüz öhdəlikləri vicdanla yerinə yetiririk və ümid edirik ki, tərəfdaşlarımız da həm təşkilat çərçivəsində, həm də ikitərəfli formatda öz öhdəliklərini eyni dərəcədə vicdanla yerinə yetirəcəklər. Təəssüf ki, son aylarda bunun əksini görürük”.
Mirzoyan əlavə edib ki, hadisələr necə inkişaf edir-etsin, Ermənistanın mövqeyinin və qərarlarının əsasını dövlətçilik, milli maraqlar, suverenlik və müstəqillik, eləcə də müstəqil qərarlar qəbul etmək hüququ təşkil edəcək: “Bunlar bazarlıq predmetinə çevrilə bilməz”.
Xatırladaq ki, bundan əvvəl Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan hökumətlərinin birgə hesabatı dərc edilib. Sənəd “2014-cü il mayın 29-da imzalanmış Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilənin Ermənistan Respublikasına münasibətdə qüvvəsinin dayandırılmasının mümkün nəticələri haqqında” adlanır. Hesabatda Ermənistanın AİB-ə üzvlüyünün dayandırılmasının ölkə iqtisadiyyatına mümkün təsirləri əks olunub.