BAKI, 6 oktyabr. TELEQRAF

“Azərbaycan naməlum şəraitdə Ermənistan tərəfinə keçən əsgərinin itkin düşdüyünü bilən kimi dərhal İrəvana məlumat verib”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib.

“Azərbaycan tərəfinin əsgərinin itkin düşdüyünü bilən kimi Ermənistan tərəfinə məlumat verməsi yaxşıdırmı? Bu yaxşıdır. Əgər sülh olmasaydı, bu baş verməzdi”, - spiker bildirib.

Baş Prokurorluğun Mətbuat xidməti oktyabrın 1-də bəyan edib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.

Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırma zamanı toplanmış materiallar əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.

Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.

Cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcəkdir.