BAKI, 17 avqust. TELEQRAF
Azərbaycana səyahət edən rusiyalı səyahət bloqeri həmvətənlərinin burada niyə rahat istirahət edə biləcəklərini izah edib.
Teleqraf “Lenta”ya istinadla xəbər verir ki, o, fikirlərini “Dzen” platformasında yerləşdirdiyi “Öz gözlərinlə görmək” adlı şəxsi bloqunda bölüşüb.
Müəllif qeyd edib ki, keçmiş SSRİ ölkəsi olan Azərbaycanda turistlər xidmət səviyyəsi və vizual dəbdəbə baxımından eyni pula bir çox məşhur turizm məkanında əldə edə bilməyəcəkləri imkanlarla qarşılaşırlar. Bundan əlavə, onun sözlərinə görə, azərbaycanlılar qonaqlara səmimi qonaqpərvərliklə yanaşırlar.
Rusiyalı qadın ölkəmizlə bağlı təcrübəsini belə təsvir edib: “Bir dəfə küçədə xəritəyə baxıb çaşbaş qalanda dərhal bir nəfər yanıma gəlib soruşdu: “Sizə kömək edim? Nə axtarırsınız?”. Ardınca vətəninə olan səmimi sevgisi ilə mənə mütləq haralara getməli olduğumu, hansı yeməyi dadmalı olduğumu, hansı məkanlara baş çəkməyi unutmamalı olduğumu danışmağa başladı. Belə bir şeyi pulla almaq mümkün deyil”.
O əlavə edib ki, Azərbaycanda səyahət edənlər dəniz, dağlar, tarix və qastronomiya arasında seçim etmək məcburiyyətində deyillər - bütün bunlar nisbətən kiçik bir ərazidə cəmləşib: “Məzuniyyətinizi yorucu səfərlərə sərf etmirsiniz, qısa səyahət ərzində isə bir neçə mini-səyahət yaşayırsınız”.
Rusiyanın “Turagentliklər” İttifaqının prezidenti Sergey Qolov bundan əvvəl söyləmişdi ki, Azərbaycan rusiyalı turistləri yay tətili zamanı həm mətbəxi, həm də unikal emosiyaları ilə sevindirə bilər. O qeyd etmişdi ki, hazırda Azərbaycanda çoxlu sayda turist var.