BAKI, 5 fevral. TELEQRAF
“ABŞ ilə Avropa İttifaqı yarım əsrdən çoxdur yaxın strateji münasibətlərə malikdirlər, onlar bu münasibətləri yenidən nəzərdən keçirmək və bir çox sahədə yaxşılaşdırmaq mərhələsindədirlər”.
Teleqraf xəbər verir ki, bunu “Güclü Gürcüstan” partiyasının rəsmi nümayəndəsi Qriqol Qeqeliya deyib.
Siyasətçi bildirib ki, Gürcüstan ABŞ-Avropa İttifaqı münasibətləri yox, özünün gələcəyi barədə narahat olmalıdır:
“Yaxşı olardı ki, diqqətimizi Gürcüstanın hara gedəcəyinə yönəldək. Məsələn, Gürcüstan Azərbaycan və Ermənistanın yolunu izləyərək, sülh müqavilələrində iştirak etsin, yeni tranzit yolunda birgə iştirakçı olsun. Əks halda, Gürcüstan təcrid olunmuş, batmış, iqtisadi-sosial baxımdan perspektivsiz bataqlığa çevriləcək. Diqqətimizi buna yönəltmək lazımdır, ABŞ-Avropa İttifaqı münasibətlərinə yox, inanın, bu məsələ fantastik şəkildə həll olunacaq. Nə ABŞ, nə də Avropa İttifaqına çətinlik olacaq, amma gürcü xalqı bədbəxt haldadır”.
Qriqol Qeqeliya Gürcüstanda avtoritarizmin hökm sürdüyünü iddia edib:
“İndiyədək bir çox avtoritar cəhdlər görmüşük, Saakaşvili dövründə də, digər liderlərlə də. Amma heç biri ölkəyə qarşı bu miqyasda anormal cəsarət göstərməmişdi. Tam anomaliya içindəyik, bu anomaliyaya ad qoymaq lazımdır, ABŞ və Avropa özlərinə yol tapacaq.
Biz özümüzə baxmalıyıq, insanlar yoxsulluq, perspektivsizlik və çarəsizlik içində yaşayırlar. Bunun adını qoymaq lazımdır: biz bu gün çarəsizlik içindəyik, hər gün bizə gülürlər, artıq küçədə dayanmaq belə qadağan edilib, söz demək qadağan olunur, yazı və oxumağı bilməyən “idiotlar” parlamentdə oturur. Bütün bunlar Çavçavadze, Taqaişvili və Qamsaxurdiyanın ölkəsində baş verir. Gürcülər üçün bu qəbul ediləndirsə, mənim üçün problemdir”.