BAKI, 9 oktyabr. TELEQRAF

“Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa və onu ratifikasiya etməyə hazır olduğunu bir daha təsdiqləyir”.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Nazir müavini həmçinin yerli müxalifətin “Ermənistan avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdən heç bir fayda əldə etməyib” iddiasına da münasibət bildirib:

“Ermənistan sülh və sabit bir region qurmaq imkanı əldə edib və bu proses artıq başlanıb. Biz həmçinin regiondakı bütün kommunikasiya (və ya nəqliyyat) xətlərinin açılması üçün imkan qazanmışıq və bu istiqamətdə amerikalı tərəfdaşlarımızla birgə çalışırıq”.

Vaan Kostanyanın sözlərinə görə, Ermənistan tərəfi sülh prosesinin müsbət istiqamətdə davam edəcəyinə ümid və inam bəsləyir:

“Avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra (Ermənistan və Azərbaycan arasında) müşahidə etdiyimiz ümumi dinamikanı müsbət qiymətləndiririk. Ağ Evdə səslənən bəyanatlar da onu göstərir ki, biz sabit və dinc bir dövrə daxil oluruq”.