BAKI. 23 iyul. TELEQRAF
Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizinin ABŞ-nin idarəçiliyinə verilməsi planı “çoxsaylı regional mürəkkəblikləri” nəzərə almır və regiondakı bütün oyunçularla intensiv danışıqlar tələb edir.
Teleqraf xəbər verir ki, bu fikri siyasi ekspert Eldar Məmmədov ABŞ-nin “Responsible Statecraft” portalında dərc olunmuş məqaləsində ifadə edib.
"ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması prinsip etibarilə alqışlansa da, hazırkı təklif çoxsaylı regional mürəkkəblikləri nəzərə almır", - məqalənin müəllifi yazır.
"Ən yaxşı halda bu, İran və Rusiya da daxil olmaqla bütün regional oyunçularla intensiv danışıqlar tələb edən qaralama variantıdır. Ən pis halda isə - bu, Trampın Nobel Sülh mükafatını almaq istəyi ilə getdiyi, başlıq effekti yaradan daha bir fəndidir", - ekspert qeyd edir.
O hesab edir ki, məntiqə görə, ABŞ-nin idarəçiliyi altında bütün tərəflər münaqişəni qidalandıran "köhnə baxışlardan" kənara çıxaraq bu marşrutdan istifadə edə bilər.
Eldar Məmmədov fikrincə, həm Ermənistan, həm də Azərbaycan ABŞ-nin bu dəhlizdə iştirakına daha həssas yanaşa bilərlər.
Xatırladaq ki, bir müddət əvvəl İspaniyanın "Periodista Digital" saytında Ermənistanın Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşdığını iddia edən məqalə dərc olunmuşdu.
Azərbaycan, Ermənistan və ABŞ arasında gizli memorandum imzalandığı iddia olunan məqalənin müəllifləri Fransadakı erməni diasporunun bir üzvünə istinad ediblər.
Lakin Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti bəyanat yayaraq bu məlumatı təkzib edib.